70 faizə yaxınlaşan inflyasiyanın kölgəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
İstanbulda mənzil almaq üçün - 27 KİLOQRAM 200-LÜK ƏSKİNAS LAZIMDIR
FED.az xəbər verir ki, TCMB əsas faizini 5,00 bənd də artıraraq 35 faizə çatdırdı.
Bazarlarda da faizin 5 bənd də artırılaraq 35 faizə çatdırılacağı proqnozlaşdırılırdı.
Ötən ay keçirilən iclasda faiz dərəcəsi 5,00 bənd artırılaraq 25 faizdən 30 faizə yüksəldilmişdi.
Bu gün, qərardan öncə ABŞ Dolları/ Türk Lirəsi (TL) məzənnəsi 28,3375 lirə səviyyəsini test edib.
İdarə Heyətinin sədri Hafize Gaye Erkanın rəhbərliyi altında bankın sərt pul siyasətilə əsas faiz dərəcəsi artıq 27 faiz bəndi artırılıb. Bir çox investorların fikrincə, indiki inflyasiya ilə müqayisədə real faiz dərəcələrinin hələ də mənfi zonada olması sərt pul siyasətinin (faizin artırılmasının) kifayət qədər olmadığını göstərir.
"Deutsche Bank" iqtisadçılarına görə, artan geosiyasi risklər,onun inflyasiya və tədiyyə balansına potensial təsirləri səbəbindən TCMB 2023-cü ilin sonuna kimi əsas faiz dərəcəsini 40 faizə çatdıracaq. Bəzi iqtisadçıların fikrincə, yerli seçkilərin yaxınlaşması TCMB-nin “gözlə-gör” mövqeyini seçməsi ilə də nəticələnə bilər.
TCMB yaydığı press-relizində, inflyasiyanın düşməsi prosesini tezləşdirmək, inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün idarə heyətinin monetar sərtləşdirmə prosesini davam etdirməyə (faiz artırmağa) qərar verdiyi qeyd edilib.
Həmçinin Bankın press-relizində, inflyasiya nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər sərt pul siyasətinin zərurət yarandığı vaxt və ölçüdə mərhələli şəkildə gücləndiriləcəyi bildirilib. (Marja)