Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib.
FED.az xəbər verir ki, fevralın 13-də səhər saatlarında Türkiyə valyutası dollara qarşı 36,1250 TL səviyyəsini test edib. Bakı vaxtı ilə 10:00-da isə bir qədər yüksələrək 36,1155 TL-yə ticarət edilib. Ümumilikdə isə TL dollar qarşısında bu gün 0.04 faiz, son bir həftədə isə 1% dəyər itirib.
Paralel olaraq, TL manat qarşısında da bu il rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 13 fevral məzənnəsinə əsasən 1 TL 0.0471 AZN-ə qədər enib.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək isə son açıqlamasında bildirib ki, yüksək inflyasiya səbəbindən lirənin nominal olaraq zəifləməsi başa düşüləndir. Lakin real effektiv məzənnə baxımından nəzər salsaq, əslində lirə yaxşı performans göstərən valyutalardan biri oldu, çünki deinflasiya proqramları müəyyən dərəcədə dəyər qazanmağa şərait yaradır və bu hal lirədə də müşahidə olundu. (Apa)