Türkiyənin neft-qaz şirkəti Botaş Almaniyanın ən böyük maliyyə qurumu Deutsche Bank-dan Türkiyənin Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) alınması məqsədilə 929 milyon dollar kredit alıb.
Eləcə də bax: Türkiyənin kredit reytinqi aşağı endirildi – «SPEKULYATİV SƏVİYYƏ»
FED.az xəbər verir ki, kreditin qaytarılma müddəti üç ildir.
Botaş LNG idxalı üçün ilk dəfə xarici bankdan kredit götürüb.
Bloomberg-in məlumatına görə, bu, Botaş-a tədarükləri diversifikasiya etməyə və Türkiyənin daxili bazarının tələbatının yarıdan çoxunu təmin edən Rusiyadan boru kəməri qazından asılılığı azaltmağa imkan verəcək.
Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2002-ci ilin sonunda istismara verilib, onun layihə gücü 16 milyard kubmetrdir. “Türk axını” isə iki xəttdən ibarətdir ki, bunlardan biri Türkiyədəki istehlakçıları, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi gücü 31,5 milyard kubmetrdir. Onun istismarına 2020-ci ilin yanvar ayında başlanılıb. (Marja)