Türkiyənin milli valyutası lirə - uzun müddətdir ki, dəyərdən düşür.
Analitiklər hesab edir ki, bu, təkcə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı deyil.
Çünki lirə təkcə ABŞ dolları qarşısında deyil, Türkiyə ilə oxşaq iqtisadiyyata malik ölkələrin, məsələn, Meksikanın milli valyutası – peso qarşısında belə ucuzlaşır. Türk pulunun dayanmadan dəyərdən düşməsi aşağıdakı səbəblərlə izah oluna bilər:
Eləcə də bax: Rublu çökdürən “NEFTSİZ SSENARİ”
- Türkiyə ətrafında geosiyasi vəziyyətin gərginləşməsi ölkədə dollarlaşmanı gücləndirib. Qonşu ölkənin ABŞ-la münasibətlərinin pisləşməsi, NATO ilə bağlı problemlər, Suriyadakı vəziyyətin Türkiyənin siyasi, sosial-iqtisadi həyatına sirayət etməsi, eləcə də gələn il ölkədə keçiriləcək seçkilərlə bağlı yaranmış qeyri-müəyyənlik türk lirəsinə etimadı azaldıb. Lirədə saxlanılan vəsaitlər xarici valyutaya, o cümlədən dollara çevrilərək ölkədən çıxarılır ki, bu da Türkiyənin milli valyutası üzərində təzyiq yaradır.
- Türkiyədə inflyasiyanın səviyyəsi ilə bağlı problem uzun müddətdir ki, həll olunmur. Qonşu ölkənin hökuməti, Çinin milli valyutası – yuanın məqsədli şəkildə ucuzlaşdırılmasını müsbət nümunə kimi qəbul edərək ucuz pul siyasəti yeridir. Məqsəd iqtisadiyyatı böyütmək, turizm sektorunu və Türkiyədən ixrac olunan məhsulları daha rəqabətqabiliyyətli etməkdir. Son nəticədə bu ilin yanvar ayının yekununda qiymət artımının illik səviyyəsi 12,3% olub ki, bu da 2004-cü ildən bəri ən yüksək həddir. Mərkəzi Bank isə yüksək inflyasiyanın əleyhinədir və bacardıqca qiymətləri “cilovlamağa” çalışır. Hökumətin və pul siyasətini həyata keçirən tənzimləyici qurumun mövqeyinin bir-birindən fərqlənməsi lirəyə inamı azaldır.
Eləcə də bax: Avro 5 lirəni ötüb – SON QİYMƏT
- 2017-ci ildə Türkiyənin ödəniş balansında kəsir 56 mlrd. dollardan 76 mlrd. dollara çatıb, ixracın idxalı qarşılama nisbəti 71,8%-dən 57,9%-ə düşüb. Bu iki göstəricinin dinamikası lirənin perpektivini şübhə altına alır.
Türkiyənin milli valyutasının dəyərdən düşməsi bu ölkədən Azərbaycana idxalı sürətləndirə bilər. Qeyd edək ki, son 5 ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri təxminən 2,4 mlrd. dollar olub. Azərbaycan Türkiyəyə əsasən xammal satıb və lirənin ucuzlaşması qonşu ölkəyə ixraca ciddi şəkildə mane olmayacaq. Bununla belə, Azərbaycanın Türkiyədən aldığı yeyinti və yüngül sənaye mallarının həcmi arta bilər. Ümumilikdə isə türk lirəsinin ucuzlaşması böyük ehtimalla Azərbaycan manatının məzənnəsinə təsir etməyəcək.