Türk Lirəsi sürətlə ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi 13 lirə səviyyəsinə keçib. Bakı vaxtı ilə saat 16:42-də Dollar/TL məzənnəsi 11% artımla 13,4539 səviyyəsini test edib.
Bu gün Dollar bir çox valyutalar qarşısında dəyər qazanıb. ABŞ valyutasının bahalaşması noyabrın 22-də ABŞ prezidenti Co Baydenin Federal Ehtiyatlar Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) hazırkı sədri Cerom Paueli bu vəzifəyə ikinci müddətə namizəd kimi təqdim etməsi ilə bağlıdır. Bu, treyderlərin ABŞ-ın gələcək maliyyə siyasəti ilə bağlı qeyri-müəyyənlik hissini azaldıb və onları dollar almağa sövq edib.
Altı əsas valyuta qarşısında ABŞ valyutasının orta məzənnəni əks etdirən dollar indeksi 96 səviyyələrinə yüksəlib.
Türk Lirəsinin növbəti ucuzlaşması prosesi Türkiyə Mərkəzi Bankının (TCMB) faiz endirimləri ilə başlamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faizə dair bəyanatları da Lirənin ucuzlaşmasını sürətləndirib. Ərdoğan yüksək faizlərə qarşıdır və hesab edir ki, "faiz səbəb, inflyasiya nəticədir". (Marja)