Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr tərəfindən yaradılan Türk İnvestisiya Fondunun nizamnamə kapitalı $500 milyon təşkil edəcək.
Azərbaycan Qırğızıstan ilə birgə - İnvestisiya Fondu Yaradıb
FED.az xəbər verir ki, diplomatik mənbələrdən bildirilib ki, fondun kapitalı 5 ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın töhfələri (hər bir ölkə $100 milyon) hesabına formalaşacaq.
Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri $50 min olan 10 min ədəd səhmə bölünəcək.
Nizamnamə kapitalı $350 milyon məbləğində ödənilmiş və 150 milyon məbləğində cəlb olunan səhmlərə bölünür.
Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş $5 milyon, qalan ödənişlər müvafiq olaraq $18 milyon, $23 milyon və $24 milyon (hər bir ölkə üçün cəmi $70 milyon) təşkil edəcək.
Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı $30 milyon təşkil edəcək.
Fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.
Fond prezident, İdarə Heyəti, Direktorlar Şurası və baş direktordan ibarət olacaq.
Xəbər verildiyi kimi, TDT-yə üzv ölkələr 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən sammitdə investisiya fondunun yaradılması ilə bağlı razılığa gəlib. (İnterfaks-Azərbaycan)