Türk dövlətləri arasında kredit bürolarının birgə platforması yaradılır.
FED.az xəbər verir ki, “Fintex Sammit 2025” çərçivəsində türk dövlətlərinin kredit bürolarını birləşdirəcək ortaq platformanın yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının birgə təşəbbüsü ilə həyata keçirilib və türk dünyasının aparıcı kredit bürolarının rəhbərləri tərəfindən təsdiqlənib.
Memorandumu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın "Kredit-informasiya analitik mərkəzi" Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov və Qırğızıstanın "İşenim" Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.
Bu platforma vasitəsilə kredit məlumatlarının mübadiləsinin gücləndirilməsi, risklərin daha effektiv idarə olunması və regionda maliyyə şəffaflığının artırılması məqsədi güdülür. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə təkan verəcək.