31 may – 1 iyun tarixlərində Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçiriləcək.
AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən FED.az-a verilən məlumata görə, forumda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan qiymətləndirmə birliklərinin rəhbərləri və qiymətləndiricilər, qonaq qismində isə Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri iştirak edəcəklər.
Mayın 31-də Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) Sədrlər Şurasının iclası keçiriləcək və qurumun nizamnaməsinə uyğun olaraq, prezidentlik səlahiyyətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun timsalında Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin şəxsində Türkiyəyə dövr ediləcək. İclasda Şuranın gələcək fəaliyyət istiqamətləri barədə ətraflı müzakirələr aparılacaq və mühüm qərarlar qəbul ediləcək.
1 iyun tarixində isə Bakı Konqres Mərkəzində II Beynəlxalq Forum öz işinə başlayacaq. Foruma xarici qonaqlarla yanaşı, Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və ekosistemin nümayəndələri qatılacaqlar. Forumda türk dövlətləri qiymətləndiriciləri, eləcə də iqtisadçıları arasında yeni əməkdaşlıq formatları, kordinasiyalı fəaliyyətin təşkili, ortaq milli qiymətləndirmə standartlarının və vahid məlumat bazasının formalaşdırılması istiqamətində müzakirələr aparılacaq. Tədbirin panel mərhələsində isə qiymətləndirmə sektorunun inkişafı, regional və beynəlxalq perspektivlər mövzusunda çıxışlar nəzərdə tutulub.
Xatırladaq ki, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılması barədə qarşılıqlı razılaşma müqaviləsi 2023-cü ilin aprel ayında Bakıda keçirilən “Zirvə Görüşü”ndə imzalanıb və iyun ayının 1-də Qazaxıstanın Türküstan şəhərində təsis olunub. Ötən ilin noyabr ayında isə Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin II Beynəlxalq Forumu keçirilib. Hazırda 700 qiymətləndirmə şirkəti və minlərlə qiymətləndirici Şuranın üzvü olan birliklərdə fəaliyyət göstərir. Ölkəmizi bu təşkilatda qiymətləndiricilərin yeganə peşəkar platforması olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) təmsil edir.