Ödəniş sistemləri, elektron pul qurumları hesabatlar təqdim etməlidirlər.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024” çərçivəsində keçirilən panel iclası zamanı Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.
Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq
“Ödəniş təşkilatları, elektron pul qurumları, vurtual aktivlər təqdim edən qurumlar yeni qanunvericiliyə uyğun olaraq hesabatlar təqdim etməlidirlər. Son illər ərzində ödəniş sistemləri üzrə yeni qanunvericilik qəbul edilib, müxtəlif normativ aktlar hazırlanıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, 20-dən çox finteks təşkilatı artıq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib və hazırda onların müraciətlərinə baxılır.
“Bilirsiniz ki, nəzarət lisenziyalaşdırmadan başlayır. Mərkəzi Bank öz sistemləri, daxili nəzarət və digər mexanizmləri vasitəsilə nəzarət edir ki, orada terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına yol verilməsin. Mərkəzi Bankın ödəniş sistemləri və elektron pul qurumları ilə bağlı tələbləri var. Tələblər odur ki, onların hamısının bu sistemləri olmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, 15-16 may Bakıda “Fintex Summit 2024” keçirilir.
Sammit çərçivəsində fintex sahənin inkişafı, kibertəhdidlər və onların qarşısının alınması, rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda fintex sahəsinin inkişafı və rəqəmsal valyutalar sahəsində prosesləri müzakirə edilir. (Trend)