Kredit bürolarının müasir maliyyə sistemində strateji rolu artır
FED.az xəbər verir ki, bunu 23 iyun 2025-ci ildə Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev bildirib.
“Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla, ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir. İlk növbədə biz kredit bürolarının maliyyə sabitliyi və geniş mənada risk menecment aləti olaraq rolunu vurğulamalıyıq”, – deyə sədr müavini qeyd edib.
Onun sözlərinə görə, makroprudensial yanaşma baxımından kredit büroları kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir. Bununla yanaşı, kredit büroları mərkəzi banklar və tənzimləyici orqanlar üçün makroprudensial analiz, stress-testləşdirmə, kontr-tsiklik siyasət tədbirlərinin həyata keçirilməsi, IFRS 9, Basel III kimi beynəlxalq standartlara uyğun risk modellərinin hazırlanması istiqamətində mühüm funksiyalar yerinə yetirir.
Toğrul Əliyev həmçinin vurğulayıb ki, kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün də əsas alətlərdən biridir. Əgər əvvəlki illərdə bu, daha çox kredit tarixçələrinin formalaşdırılması ilə məhdudlaşırdısa, bu gün qeyri-ənənəvi məlumat mənbələrinin inteqrasiyası sayəsində kredit əlçatanlığı daha da genişlənib.
“Elektron pul əməliyyatları, müştərilərin elektron ticarət davranışları, icarə və kommunal ödənişlər kimi alternativ məlumatlar kredit əlçatanlığı baxımından yeni imkanlar yaradır. Bu, əhalinin fərdi kreditləri ilə yanaşı, mikro, kiçik, orta və iri sahibkarların biznes kreditlərini də əhatə edir”, – deyə o bildirib.
Sədr müavini məsafədən göstərilən maliyyə xidmətlərinin sürətlə artdığı bir dövrdə kredit bürolarının artan əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, şəxsiyyətin eyniləşdirilməsi ilə bağlı çağırışlara baxmayaraq, bu proseslər biznes subyektlərinin maliyyə hesabatlığına rəqəmsal çıxış imkanlarını genişləndirir.
Toğrul Əliyev qeyd edib ki, kredit büroları elektron hökumət sistemləri ilə inteqrasiya olunmaqla, real vaxt rejimində şəxsiyyətin təsdiqi və autentifikasiya xidmətləri, eləcə də çevik təhlil imkanları təqdim edə bilərlər.