2021-ci ilin dövlət büdcəsində daxili borclanmadan daxilolmalar üzrə nəzərəçarpacaq dərəcədə artım proqnozlaşdırılmışdır. Daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2021-ci il dövlət büdcəsi kəsirinin 1 milyard 300 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
FED.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Mövcud iqtisadi durumdan və bazar konyunkturundan asılı olaraq və investor şəbəkəsinin məhdudluğunu nəzərə alaraq Hesablama Palatası təkrar bazarın inkişaf etməməsi şəraitində emissiya edilən qiymətli kağızlara marağın azalması ehtimalını qeyd edir: “Bütün bunlar isə öz növbəsində növbəti ildə istiqrazlar üzrə qaytarılacaq borcun təkrar maliyyələşmə hesabına təmin edilməsi həm də büdcə kəsirinin bağlanması üçün dövlət istiqrazları hesabına vəsait cəlb edilmə imkanlarının məhdud olmasını şərtləndirməklə yanaşı daxili borclanma üzrə risklərin, o cümlədən faiz risklərinin nəzərə alınmasını aktuallaşdırır. Eyni zamanda qeyd etmək istərdik ki, kəsirin maliyyələşmə mənbələrində xarici borclanmanın həcmi 595,0 mln. manat nəzərdə tutulmuşdur”.
Qeyd edək ki, 2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc alıb. Bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur.qiymətli kağızlar