Azərbaycand valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var.
FED.az xəbər verir ki, bu barədə martın 10-da Nazirlər kabinetində keçirilən toplantıda bildirilib.
Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. İclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
İclasda bildirilib ki, Azərbaycanda həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək.
Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.