2025-ci ilin ötən dövründə valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib.
Taleh Kazımov: "Valyuta hərraclarında ortalama tələb 45-50 milyon dollardır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu da qiymət sabitliyinə zəruri dəstək verib: "Tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyib".
AMB sədrinin sözlərinə görə, bu proseslərlə yanaşı, 2022-ci ildən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini gücləndirib: "Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5 %-ə düşüb. Bu da tarixi minimumdur. Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu, milli iqtisadiyyatımızın və milli valyutamız üçün əsas nailiyyətlərdən biridir". (Report)










