Bu gün Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bir sıra mühüm iqtisadi göstəricilərlə bağlı məlumat verib.
FED.az xəbər verir ki, Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azaldılıb.
O, qeyd edib ki, 2025-ci ilin ilk altı ayı ərzində ölkədə illik inflyasiya 6 faiz təşkil edib. Belə ki, qeyri-qida məhsulları üzrə inflyasiya 2,8 faiz, ödənişli xidmətlər üzrə isə 7,2 faiz olub. Baza inflyasiyası isə 4,8 faiz səviyyəsində qeydə alınıb.
Sədr əlavə edib ki, istehsalat xərclərinin artması kənd təsərrüfatı məhsullarının qiymət indeksinə də təsir göstərib. Onun sözlərinə görə, bu göstərici 11 faiz artaraq inflyasiyaya 4,6 faiz bəndi artırıcı təsir göstərib.
Mərkəzi Bank sədrinin açıqlamasına əsasən, 2025–2026-cı illər üzrə inflyasiya proqnozları hədəf diapazonunda qalır. Belə ki, 2025-ci ilin sonu üçün inflyasiya göstəricisinin 5,7 faiz, 2026-cı ilin sonunda isə 5,3 faiz olacağı proqnozlaşdırılır.