Bu gündən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10% dərəcə ilə vergiyə cəlb edilməsi depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək.
Azərbaycanda depozit faizlərinə - Vergi Tətbiqi Təsdiqlənib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
“Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu dövr artıq başa çatıb. Depozit gəlirlərini vergiyə cəlb olunması qanunvericiliyin tələbidir", - T.Kazımov bildirib.
O, hesab edir ki, güzəştlərin ləğvi əmanət bazasına hər hansı təhdid yaratmır: "Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.(Report)