Azərbaycan Mərkəzi Bankında (AMB) bu gün “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun növbəti iclası keçirilib.
"İlk qonorarımı kiçik bir supermarket şəbəkəsi üçün proqram hazırlayaraq qazanmışdım"
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Məlumata görə, görüşdə Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov çıxışı zamanı makroiqtisadi dayanıqlığın təmin olunmasının iqtisadi artımın davamlı inkişafı, onun xarici və daxili təsirlərə dayanıqlı olması, həmçinin inklüziv və dayanıqlı maliyyə ekosisteminin inkişafının mühüm sütunu olduğunu bildirib.
Sədr Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, inflyasiyanın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun inkişafı və dərinliyinin artırılması, həmçinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini vurğulayıb.
Taleh Kazımov 2027–2030-cu illəri əhatə edəcək dövrdə ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi üçün makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin daha da təkmilləşdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində işçi qrupun müəyyən olunmuş fəaliyyət istiqamətləri və tədbirlər üzrə ötən iclasdan sonra atılmış addımlar və perspektivdə olan məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.