“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib.
FED.az bu barədə “S&P”yə istinadən xəbər verir.
Reytinqlərin proqnozu “Sabit”dir.
Reytinqlər agentliyin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının 2022-2023-cü illərdə Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi, habelə ölkənin Ermənistanla açıq hərbi qarşıdurmaya qayıtmayacağı və Ukraynadakı vəziyyətin Azərbaycan üçün mənfi nəticələrinin məhdud olaraq qalacağı ilə bağlı gözləntilərini əks etdirir.
“S&P” qeyd edib ki, reytinqlər yataqlar köhnəldikcə neft hasilatının gözlənildiyindən daha tez azalacağı təqdirdə aşağı salına bilər. Bundan başqa, Ermənistanla hərbi qarşıdurmanın kəskinləşməsi də mənfi təsir göstərə bilər, lakin hadisələrin bu cür inkişaf variantı baza ssenarisi deyil.
“Hökumət bəzi struktur maneələri aradan qaldırmaq üçün islahatları davam etdirərsə, reytinq yüksəldilə bilər”, - deyə “S&P” bildirib.
Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid aktivlərin yığılması iqtisadiyyatı daha dayanıqlı edir. Agentliyin qiymətləndirmələrinə görə, likvid aktivlər 2025-ci ilə qədər ÜDM-in 60%-nə çatacaq, dövlət borcu isə ÜDM-in təxminən 20%-ni təşkil edəcək.(İnterfaks-Azərbaycan)