Oktyabrın 15-dən noyabrın 15-dək keçirilən ikinci Bakı Şopinq Festivalı zamanı banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıb.
Mədəniyyət və Turizm Nazirliyndən verilən məlumata görə, festival zamanı Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb.
Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Həmin mallara ƏDV qaytarılması - “Tax Free” imkanı təqdim olunub: "Payız Festivalının ilkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı da ötən festival kimi uğurlu alınıb. Oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir".
Nazirlikdən bildirilib ki, festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın Tax Free sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.
Alıcılar Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin, ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər.