Maliyyə bazarları postpandemiya dövründə
FED.az biznes portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbovanın şərhini təqdim edir:
Eləcə də bax: Koronavirusun dünya iqtisadiyyatına vurduğu - MADDİ ZƏRƏR HESABLANDI
2020-ci il üçün qlobal olaraq ən yadda qalan hadisə koronavirusun bütün dünyanı öz pəncəsi altına alması olacaq. Pandemiya olaraq adlandırılan (epidemioloji yayılma miqyası geniş olan, yəni, bir neçə ölkə və qitələri əhatə edən) virus növləri arasında ölüm sayına görə olmasa da (Covid-19 bu günə olan göstəricilərlə XV əsrdən bu yana yaşanan pandemiyalar arasında ölüm sayına görə 18-ci, XXI əsrdə isə “donuz qripi” adlandırılan H1N1 virusundan sonra 2-ci yerdədir) ölkələrin iqtisadiyyatına vurduğu zərərə görə Covid-19-u lider adlandırsaq yanılmarıq.
İlk yoluxmanın müşahidə olunduğu vaxtdan bu günə bu virus 113 mindən artıq insanın ölümünə səbəb olmaqla yanaşı dünya iqtisadiyyatına da güclü zərbə vurdu. Belə ki, qlobal dəyər zəncirləri həlqələrin bəzilərinin qırılması ilə ciddi zərər gördü və bu da öz növbəsində istehsal prosesinə öz mənfi təsirini göstərir. Xüsusən Çin və ABŞ kimi dünya qlobal dəyər zəncirlərində böyük paya sahib olan həlqələrin izolyasiya olunması bu effekti yaradan əsas səbəbdir. Paralel olaraq, qida və tibbi məhsullar istisna olmaqla, digər istehlak mallarına tələbin azalması isə ümumi istehlakın həcminin azalmasına, nəticədə tələb və təklif balansında xaotik dəyişikliklərin baş verməsinə gətirib çıxardı. Əsas zərər isə xidmət və turizm sektoruna dəyib. Bundan başqa, xammal bazarında da qiymət enmələri baş verdi və hələ də davam edir. Bütün bu baş verənlərin nəticəsində dünya üzrə ÜDM-in BMT tərəfindən 2020-ci ilə hesablanmış olan 2.5%-lıq artımı proqnozu (neftin qiyməti 61$ qəbul olunaraq) yeni proqnozlarla əvəzlənir və müsbət ssenaridə 1.2%artım, mənfi ssenaridə isə 0,9% azalma proqnozlaşdırılır (neftin qiyməti 31$ qəbul olunaraq).
İqtisadiyyata da canlı orqanizm olaraq yanaşdıqda, onun bütün sektorlarının bir-biri ilə birbaşa olmasa belə müəyyən formada əlaqəli olduğunu görə bilərik. Pandemiya mühitində “mikroflorası” pozulan orqanizmin yad müdaxiləyə qarşı hansı istiqamətdə hansı refleksləri göstərəcəyini və bu prosesin nə qədər vaxt alacağını indiki halda təxmin etmək çətindir. Bu baxımdan, pandemiya dövrünü insanın psixoloji affekt halı ilə uzlaşdırdıqda bir çox sektorlarda hərəkətsizlik və gözləmə mövqeyinin müşahidə olunması da izah oluna bilən hadisədir.
Maliyyə bazarlarında cari vəziyyət.
Həm makro, həm də mikro səviyyədə iqtisadiyyatın müxtəlif istiqamətlərini geniş miqyasda ələ keçirən koronavirusun mənfi təsirinin maliyyə bazalarından da yan keçməməsi təbii haldır. Səhm bazarları çökmə yaşayır və bu fonda ümumən bütün maliyyə bazarları ətalət halındadır. Artıq investorların yatırımlarını risk tolerantlılığı ilə proqnozlaşdırmaq mümkün deyil. Çünki risk-gəlir tərs mütənasibliyi daha nadir hala çevrilərək riskli aktivlərin gəlirli olmamasını istisna etmir. İnvestorlar risklərin azaldılması üçün derivativlərdən istifadəni daha məntiqli hesab edirlər ki, bu da satma hüququnu verən opsionların (put option) qiymətinin 2 dəfə bahalaşmasına gətirib çıxarıb.
Ümumən maliyyə bazarlarında martın ortalarında 3 trilyon ABŞ dollarından artıq qiymət enməsi müşahidə olunub. Əsas təsir inkişaf etməkdə olan ölkələrin daha riskli və daha gəlirli hesab olunan (böyümə və gəlirlilik potensialı yüksək şirkətlər) səhm və istiqrazlarına toxunaraq onları 1.1 trilyon ABŞ dolları dəyərində mənfiyə salıb. Risksizlik etalonu hesab olunan ABŞ xəzinə istiqrazları indiyədək olan ən aşağı qiymət ilə müşahidə olunub. İndekslərə gəldikdə isə ABŞ bazarının aynası olan “S&P 500”, “Dow Jones” və “NASDAQ” ən son göstəricilərə əsasən ilin əvvəli ilə müqayisədə 10%-dan artıq ucuzlaşıb. Lakin hazırda martın 20-21 tarixlərində ən minimal qiymətlərini nümayiş etdirən indekslər həmin tarixlə müqayisdə nisbətən bahalaşıblar.
Mənbə: İnvesting.com.
Qərbi Avropa indeksləri də koronavirusun təsiri ilə 30% civarında ucuzlaşsalar da, artım tempi nümayiş etdirərək regionda virusdan ölənlərin sayının azalması fonunda yüksəlməyə davam edirlər. Belə ki, sadəcə ötən həftə “Stoxx Europe 600” 3,73%, Britaniya indikatoru olan “FTSE 100” 3,08%, Almaniyanın “DAX” indeksi 5,77%, Fransanın “CAC 40” indeksi 4,61%, İtaliyanın “FTSE MIB” indeksi 4%, İspaniyanın “IBEX 35” indeksi isə 3,99% artım nümayiş etdirib.
Yaponiyanın “Nikkei 19” və Çinin “Hong Seng” indeksləri də müvafiq olaraq 30% və 25% ucuzlaşsalar da, ən son göstəricilərdə 5% və 12% artımla müsbət irəliləyişləri nümayiş etdirirlər. Burada xüsusi diqqət cəlb edən Çin şirkətlərinin daha tez ayağa qalxması və maliyyə bazarlarının da daha sürətli reabilitasiyasıdır. Buna təsir edən əsas amil bazarda çeşidliliyin çox olmasıdır ki, bu da portfel nəzəriyyəsindəki diversifikasiyanın riski azaltması məntiqi ilə uzlaşır. Çin şirkətləri arasında pandemiya dövründə itirənlər olduğu kimi paralel olaraq qazananlar da mövcuddur.
Hansı şirkətlərin səhmlərinin daha çox zərər çəkdiyinə nəzər yetirdikdə qeyd etmək olar ki, hazırkı vəziyyətə uyğun olaraq koronavirusdan daha çox zərər çəkmiş sektorlara aid şirkətlərin səhmləri də müvafiq olaraq daha çox ucuzlaşıb. Bu siyahıda xidmət sektoru, nəqliyyat, tekstil, turizm və avia şirkətlər ilk pillədədir. Nümunə olaraq, Elon Muska məxsus olan “Tesla” şirkətinin səhmləri 22% ucuzlaşıb və nəticədə şirkət 5.5 milyard ABŞ dolları itirib. “Louis Vuitton”, “Celine”, “Christian Dior” və “Bulgari” markalarını özündə birləşdirən “LVMH” şirkəti isə səhmlərinin 36% ucuzlaşması səbəbi ilə 30 milyard ABŞ dollarından artıq ziyana düşüb.
Lakin bəzi səhmlərin qiymətinin artdığını da xüsusi qeyd etmək lazımdır. Bu səhmlər isə əsasən texnoloji yeniliklər, məsafədən tibbi xidmət, tibbi avadanlıqlar və sairə sahələrin şirkətlərinə məxsusdur. Misal üçün video konfranslar üçün son zamanlar kütləvi istifadə olunan “Zoom” şirkətinin səhmləri 2 ay ərzində 2 dəfə bahalaşaraq şirkətə 4.5 milyard ABŞ dolları qazandırıb. Eyni zamanda, tibbi avadanlıqların istehsalı üzrə ixtisaslaşan “Mindray” şirkətinin səhmləri də 26% bahalaşıb (2.3 milyard ABŞ dolları artım).
Pandemiyadan maddi zərər görmüş biznes sahibləri.
Çinin məşhur “Hurun Araşdırma İnstitutu” tərəfindən hazırlanan koronavirusun təsirlərinə həsr olunmuş hesabata əsasən son 2 ayda dünyanın top 100 ən varlı adamı 2 ildə qazandıqları 408 milyard ABŞ dollarını itirib. Bu itkinin 125 milyard dolları Top 10-da yer alan şəxslərə aiddir.
Dünyanın Top 10 ən varlı insanı siyahısına Covid-19-un təsiri |
||||||||
Sıra |
Sırada dəyişmə |
Ad |
Sərvət ABŞ $ mlrd |
Dəyişmə % |
Dəyişmə ABŞ $ mlrd |
Şirkət |
Rezidentlik |
Sektor |
1 |
0 |
Jeff Bezos |
131 |
-6% |
-9.0 |
Amazon |
ABŞ |
Online satış |
2 |
1 |
Bill Gates |
91 |
-14% |
-15.0 |
Microsoft |
ABŞ |
Texnologiya |
3 |
1 |
Warren Buffett |
83 |
-19% |
-19.0 |
Berkshire Hathaway |
ABŞ |
İnvestisiya |
4 |
-2 |
Bernard Arnault |
77 |
-28% |
-30.0 |
LVMH |
Fransa |
Tekstil |
5 |
0 |
Mark Zuckerberg |
71 |
-15% |
-13.0 |
|
ABŞ |
Texnologiya |
6 |
0 |
Amancio Ortega |
64 |
-21% |
-17.0 |
Inditex |
İspaniya |
Tekstil |
7 |
2 |
Steve Ballmer |
60 |
-11% |
-7.5 |
Microsoft |
ABŞ |
Texnologiya |
8 |
4 |
Alice Walton |
58 |
-2% |
-1.0 |
Walmart |
ABŞ |
Satış şəbəkəsi |
9 |
5 |
Jim Walton |
56 |
-2% |
-1.0 |
Walmart |
ABŞ |
Satış şəbəkəsi |
10 |
-2 |
Sergey Brin |
55.5 |
-18% |
-12.5 |
|
ABŞ |
Texnologiya |
Mənbə: Hurun Araşdırma İnstitutu, 2020.
Çinin digər ölkələrə nisbətən pandemiya dövründə daha tez ayağa qalxması dünyanın ən varlı Top100 insanı siyahısında da özünü göstərir. Belə ki, 31mart tarixinədək 2 ay ərzində 6 Çinli biznesmen bu siyahıya daxil olaraq siyahıda Çinlilərin sayını 29-a çatdırıb.
Paralel olaraq Hidistanlı 3, ABŞ vətəndaşı olan isə 2 biznesmen bu siyahını tərk edib. Hazırda Top100-də 34 ABŞ vətəndaşı yer almaqdadır.
Maliyyə bazarları üçün postkoronavirus proqnozları.
Bütün digər pandemiyalarda olduğu kimi bəşəriyyət Covid-19-a qarşı da gec-tez qalib gələcək. Əsas sual doğuran məqam isə bu zamanda və ələlxüsus postkoronavirus dövründə iqtisadiyyat və maliyyə bazarlarının vəziyyəti necə olacaqdır.
Dünyanın bütün ölkələrində analitiklər bu suala cavab axtarır və çox müxtəlif fikirlər səslənməkdədir. Proqnozların ortaq məqamlarına nəzər yetirdikdə aşağıdakı məsələləri qeyd etmək olar:
- Biznes və təhsil məqsədi ilə səfərlərin sayı azalacaq, bu da avia şirkətlərə və otel biznesinə mənfi təsirini göstərəcək - Pandemiya dövründə sərhədlərin bağlanılması və karantinin elan olunması ilə həm iş adamları, həm də tələbələr məsafədən kommunikasiyanın imkanlarına daha dərindən yiyələnərək gələcək üçün canlı görüşlərə alternativ olacaq güclü rəqib formalaşdırdılar. Eyni zamanda, onlayn platformalar və uyğulamalara tələbin artması ilə bazara müxtəlif çeşidli yeni məhsullar da daxil olaraq daha əvvəllər mövcud olmayan yeni imkanlar yaratmaqdadırlar. Bu baxımdan, texnoloji imkanlardan istifadənin pandemiya dövrü bitdikdən sonra da daha az məsrəfli və rahat üsul olaraq tərcih olunacağı proqnozlaşdırılır. Bu həm də evdən işləmək vərdişini də formalaşdıraraq işçilərin məsafədən çalışmasını daha qəbul oluna bilən məsələ halına gətirəcək.
- Uzunmüddətli perspektivdə son 30 ildə səhmlərin qiymət gəlirlilik nisbətindəki yüksək rəqəmlər daha normal səviyyəyə enəcək. İnvestorlar resessiyanın tam dərinliyini və nə qədər davam edəcəyini ölçə bildikdə səhmlərin qiyməti 20-30% ucuzlaşacaq və təxmin etmək mümkündür ki, 2007-2009-cu illərdə olduğu kimi individual investorlar tədricən bazara qayıdacaq.
- Pensiya fondlarının maliyyə cəlb etməsi çətinləşəcək. Daha çox gəlir üçün daha riskli investisiya növlərinə keçid etmələri, pensiya ödənişlərinin azaldılması sponsorlar və işçilər tərəfindən bu fondlara investisiya yatırmaq marağını azaltmaqla paralel olaraq pensiya fondlarının gəlirliliyini də risk altına alır.
- Postpandemiya dövründə iqtisadiyyatın «U» formalı, maliyyə bazarlarının isə «V» formalı bərpa olunacağı proqnozlaşdırılır. Epidemiyanın ən yüksək həddi yaşandıqdan sonra (ölənlərin sayının artımı dayandıqda) maliyyə bazarlarının bərpası da ümumi iqtisadiyyata nisbətdə çox daha sürətli şəkildə baş verəcək. Ölənlərin sayında artımın azalması fonunda səhmlər 4-5% artırsa, ölənlərin sayı azaldıqda bazarın həqiqətən də «V» şəkildə yuxarı qalxacağı çox real görünür.
Yekun.
Bütün dünya dövlətləri tərəfindən sadəcə virusun qarşısının alınması üçün deyil, pandemiyanın iqtisadiyyata vuracağı zərərin də minimuma endirilməsi baxımından operativ tədbirlər görülür. Həm yumşaldıcı fiskal siyasət, müxtəlif dəstək tədbirləri və böyük həcmli maliyyə ayırmaları, həm də makroprudensial siyasətin nəticəsi olaraq requlyatorların tələbi ilə bankların maliyyə buferinə sahib olması vəziyyətin idarə oluna biləcək olmasına, pandemiyanın maliyyə böhranı ilə nəticələnməyəcəyinə inanmağa və optimist proqnozlar verməyə imkan verir".