“Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi Qaydaları” ləğv edilib.
FED.az xəbər verir ki, bununla bağlı xarici işlər naziri Ceyhun Bayramov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu Qərarın üç iş günü müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin edib.
Ləğv edilən Qaydalarda bildirilmişdi ki, Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri ayrılan vəsaitlərin istifadəsinə dair aylıq hesabatı növbəti ayın 10-na kimi, rüblük hesabatı rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq, illik hesabatı isə il başa çatdıqdan sonra 20 gündən gec olmayaraq Xarici İşlər Nazirliyinə təqdim edirlər. (Trend)