Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankını Azərbaycanın erməni işğalından azad edilən torpaqlarında aparılan bərpa-quruculuq işlərinə dəstək verməyə çağırıb.
Eləcə də bax: QDTİB: "Azərbaycanda yardımımızdan bəhrələnən 400-dən çox şirkət var"
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının Bakıda keçirilən toplantısında çıxışında bildirib.
Maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankını işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək verməyə ,bu prosesdə iştirak etməyə çağırıb.
«Azərbaycan Cənubi Qafqaz regionunun əməkdaşlıq və inkişaf məkanına çevrilməsi arzusundadır. Vətən müharibəsində qələbə qazanaraq öz əraziləri üzrə süveren hüquqlarını bərqərar edən Azərbaycan dövləti müharibə bitdikdən dərhal sonra öz maliyyə imkanları hesabına 30 ilə yaxın hərbi işğal dövründə Ermənistan tərəfindən dağıdılmış və talan edilmiş Qarabağda, Şərqi-Zəngəzurda tikinti-quruculuq işlərinə başladı və kütləvi minalanmanın yaratdığı çətinliklərə baxmayaraq, bərpa və quruculuq işləri bu gün də sürətli şəkildə davam etdirilməkdədir»-deyə nazir bildirib.
Onnu sözlərinə görə, hazırda Azərbaycan dövləti bu ərazilərin bərpası üçün böyük vəsaitlər ayırır: Ötən il və cari il də daxil olmaqla, həmçinin hal-hazırda parlamentdə təqdim olunmuş büdcə dəyişiklikləri üzrə təkliflər nəzərə alınmaqla həmin ərazilərin bərpasına və yenidən qurulmasına dövlət büdcəsindən 3 milyard dollardan artıq vəsait ayrılır ki, bu vəsaitin 1,3 milyard dollara yaxını artıq 2021-ci ildə həmin məqsədlər üçün sərf olunub».
Samir Şərifov bu prosesdə xarici təşkilatların iştirakını da vacib sayıb: «Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının yaxından iştirakını zəruri hesab edirik. Bankın kapital-resurs ehtiyatlarının digər beynəlxalq maliyyə qurumları ilə müqayisədə nisbətən aşağı olmasını, habelə daha çox özəl sektorun maliyyələşdirilməsi sahəsində ixtisaslaşmasını nəzərə alaraq Bankı Qarabağda və Şərqi Zəngəzurda bir sıra fəaliyyətlərlə məşğul olacaq yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik».
«İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması və bu imkanlarından səmərəli istifadə təkcə Azərbaycana yox, bütün region ölkələrinə böyük fayda gətirəcək, regional inkişafa ciddi təkan verəcək»-deyə maliyyə naziri bildirib.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Azərbaycanın da iştirakı ilə təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın əsas məqsədi üzv ölkələrdə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləməkdir. Bu məqsədlə Bank üzv ölkələrdə müxtəlif layihələri və ticarəti maliyyəşdirmək üçün kreditlər ayırır, dövlət və özəl müəssisələrin kapitalında iştirak edir və zəmanətlər təqdim edir.