Avqustun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
FED.az xəbər verir ki,görüşü salamlama nitqi ilə başlayan S.Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının ölkəmizin özəl sektorunda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirmiş və Bank tərəfindən 1 avqust 2019-cu il tarixində ölkə daxilində debüt olaraq yerli valyutada dövriyyə müddəti 2 il olan qiymətli kağızların uğurla yerləşdirilməsi ilə əlaqədar Bankın prezidentini təbrik etmişdir. Qeyd olunan buraxılış hesabına cəlb edilmiş vəsaitlərin ölkənin özəl sektorunun maliyyələşdirilməsinə töhvə verəcəyinə ümid etdiyini bildirən nazir, həm də bu uğurun arxasında yerli qiymətli kağızlar bazarının dinamik inkişafının və xarici emitentlərin yerli valyutaya olan inamının durduğunu qeyd etmişdir.
Eləcə də bax:Azərbaycan istiqraz tarixində - YENİ REKORD
Bununla yanaşı nazir tərəfindən qeyd edildi ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumu tərəfindən ölkəmizin maliyyə bazarında yerli valyutada qiymətli kağızların buraxılması həm emitent şəbəkəsinin genişləndirilməsinə, həm də ölkənin qiymətli kağızlar bazarının cəlbediciliyinə töhvə verməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutları üçün də təkanverici addım olacaq. Bu isə öz növbəsində Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və onun daha da təkmilləşdirilməsi üçün əlavə dəstək kimi qiymətləndirilə bilər və bu bazarın daha da inkişaf etməsinə müsbət təsir göstərəcəkdir.
Həmçinin, nazir tərəfindən yerli qiymətli kağızlar bazarı barədə Bankın prezidentinə məlumat verilərək, dövlət istiqrazlarına olan böyük tələbat əsasında son 3 ildə dövriyyə müddəti 1-3 il olan dövlət qiymətli kağızlar üzrə gəlirlilik dərəcələrinin 17-18 faizdən hal-hazırda 6-7 faizədək endiyi qeyd edilmişdir ki, bunu da ölkənin sabit makroiqtisadi çərçivədə inflayasiyanın aşağı səviyyədə olması və investorların manata olan etibarın artması ilə əlaqələndirmək olar.
Nazir vurğuladı ki, beynəlxalq kredit reytinq agentliyi “Standard&Poor`s” tərəfindən “A-” və “Moody`s” tərəfindən “A2” dərəcəsində müəyyən edilən Bankın uzunmüddətli kredit reytinqi Azərbaycan üzrə müəyyən edilən reytinq dərəcəsindən 4 pillə yüksək olsa da, Bank tərəfindən yerləşdirilən 2 illik qiymətli kağızlar üzrə gəlirlilik dərəcəsi ilə (7.25%) Maliyyə Nazirliyinin son hərrac zamanı yerləşdirilən analoji dövriyə müddətli kağızlarının gəlirlilik dərəcəsi (7.47%) arasında böyük fərqin (spred) olmaması məmnunluq doğurur.
Görüş zamanı S.Şərifov ölkəmizin Bankla olan münasibətlərinə böyük önəm verdiyini, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini və Bankın baş qərargahında iki Azərbaycan vətəndaşının çalışdığının önəmli olduğunu nəzərə alaraq, onların sayının artacağına ümid etdiyini bildirdi.
Bankın prezidenti Azərbaycanda yerli valyutada qiymətli kağızların buraxılması ilə əlaqədar Banka göstərilən yüksək dəstəyə görə aidiyyəti dövlət orqanlarına öz təşəkkürünü bildirdi və ölkədə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişafına təkan verdiyini və bunun da öz növbəsində Bankla ölkəmiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğuladı.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov təmsil edir.