COP29-un sədri kimi Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fondunun yaradılmasının təşəbbüskarıdır və fonda öz töhfəsini vermək üçün müvafiq məbləğdə vəsait ayıracaq.
“ADB-nin inkişaf etməkdə olan üzvləri yüksək iqlim dəyişikliyi riski altındadır”
FED.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır: “Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpa olunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcək.
S. Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Koalisiyaya son 6 ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.
Nazir eyni zamanda elan edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunda (İMF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına İMF-nin məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcək.
İclasın panel müzakirələrində Milli Müəyyən Edilmiş Töhfələrin uğurlu icrası üçün maliyyə və investisiyaların səfərbər edilməsi, üzv ölkələr arasında iqlim üçün maliyyə səfərbərliyi təşəbbüslərinin əlaqələndirilməsi, həmçinin, tərəfdaş qurumlar və özəl sektor tərəfindən iqlim maliyyəsinin effektiv və əlaqələndirilmiş şəkildə təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəfdaş qurumların, maliyyə təminatçıları və özəl sektorun ölkələrə Milli Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planı üçün maliyyə səfərbərliyində fəal iştirakının təşviqi müzakirələr zamanı diqqət mərkəzində olub.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor, Misirin maliyyə naziri Əhməd Kuçuk, Uruqvayın maliyyə naziri Azucena Arbeleçe, Marşal Adalarının maliyyə naziri David Paul, Niderland Krallığının maliyyə nazirinin müavini Yasper Veselinq və digərləri çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrinin təmin edilməsində ölkələrin real maliyyə imkanlarının uzlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığının təmin olunmasının və iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.
Eyni zamanda, maliyyə nazirləri öz çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi istiqamətində maliyyə resurslarının daha effektiv səfərbər olunmasına, iqlimlə bağlı qlobal çağırışlara qarşı lazımi və dayanıqlı tədbirlərin görülməsinə dair təklif və tövsiyələrini irəli sürüblər.
İclasda çıxış edən İMF-nin təmsilçisi Azərbaycanın bu təşəbbüsünü olduqca yüksək qiymətləndirib və bunun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk təşəbbüs olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev İMF-nin sərəncamçı direktoru Kristalina Georgiyevanı qəbul edərkən Azərbaycanın Fond vasitəsilə inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştirakı müzakirə olunub. 95 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. Hazırda Koalisiyaya Hollandiya və Uqandanın maliyyə nazirləri həmsədrlik edir. (Report)