Sahibkarlığın İnkişafı Fondu (SİF) qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqə keçirir.
Eləcə də bax: Mikayıl Cabbarov: "Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib"
SİF-dən FED.az-a bildirilib ki, qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilmiş və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.
Müsabiqənin şərtlərinə görə, yalnız Fondla əməkdaşlıq edən və 2022-ci il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər. Kreditlər yalnız qadın və yaşı 29-dək olan gənc sahibkarlara verilməlidir, 2022-ci il üzrə Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet istiqamətləri əhatə etməlidir. Müsabiqədə Fond tərəfindən oktyabrın 1-dən dekabrın 16-dək kredit ayrılmış qadın və gənc sahibkarların layihə sayları əsas götürülür.