Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 1 226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib.
FED.az Fonda istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6 dəfə və 75,5 % çoxdur.
1 il əvvəl olduğu kimi, maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşüb.
Hesabat dövründə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may aylarında 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. 2021-ci ilin eyni dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may aylarında 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.
2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ötən il qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmiş layihələri hesabına 303, gənc sahibkarların investisiya layihələri üzrə isə 97 yeni iş yerinin yaradılması nəzərdə tutulub. (Report)