Gələn il İqtisadiyyat Nazirliyi yanında Sahbikarlığın İnkişafı Fondunun verəcəyi kreditlər bu illə müqayisədə az olmayacaq.
Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı - KEÇİB
FED.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.
“Fond iş adamlarının uzunmüddətli, daha aşağı faizli maliyyəyə çıxışını təmin etmək üçün əsas operatordur. Əsas strategiyamız regionlarda kiçik və orta bizneslərin inkişafına dəstək göstərməkdir. Növbəti il üçün də biznes qurumlarında sosial və korporativ idarəetmə standartlarının tətbiqini təşviq etmək məqsədilə meyarlarımız müəyyən olunacaq.
İlin yekunlarını başa vurduqdan sonra proqnozlar tərtib edəcəyik və hesablamalar əsasında gələn il üçün kreditlərin nə qədər olacağını biləcəyik. Planımız odur ki, sahibkarlara ən azı bu ilki hədəflərdən daha çox vəsait ayırılsın. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, xidmət sektoru, turizm, səhiyyə, təhsil, logistika mərkəzlərinin, taxıl anbarlarının, soyuducu anbarların yaradılması və digər istiqamətlərdə layihələrin dəstəklənməsini davam etdirəcəyik. Əsas hədəf kapital tutumlu layihələrin maliyyələşdirilməsidir. Fond olaraq daha ucuz, orta və uzun müddətli layihələrin maliyyələşdirilməsini prioritet hesab edirik", - o qeyd edib.
O.Xaliyev Fondun işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını da açıqlayıb: “Həmin biznes subyektərinə maliyyə dəstəyinin göstərilməsi layihəsi var. Hazırda bununla bağlı normativ hüquqi baza üzərində işlər aparılır. İlkin sənədlər hazırlanıb, bu sənədləri aidiyyatı qurumlara təqdim etmişik və hazırda həmin qurumlarla razılaşdırma mərhələsindəyik. Bu sənədlər təsdiq olunacağı təqdirdə işğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq”. (Report)