Sahibkarlığın İnkişafı Fondu işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyektləri üçün yeni kredit mexanizmini tətbiq edib.
Ötən il Sahibkarlığın İnkişafı Fondu 150 mln. manata yaxın - KREDİT AYIRIB
FED.az xəbər verir ki, bu barədə Fondun idarə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək ”mexanizmi bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların banklardan manatla alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini nəzərdə tutur.
Fond sədri bildirib ki, hənim sahibkarlar və şirkətlər üçün 500 milyon manatlıq kredit portfeli nəzərdə tutulub: "Mexanizm çərçivəsində 500 milyon manat həcmində zəmanətli kredit verilməsi planlaşdırılır. Bu mexanizm məbləği hər bir sahibkarlıq subyekti üzrə 5 milyon manatdan, müddəti 7 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir". Bu kreditlər üzrə kreditin müddətinin yarısından çox olmamaqla, 36 ayadək güzəşt müddəti də tətbiq edilə bilər.
Həmin kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aydan çox olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılacaq - yəni faizi dövlət ödəyəcək.
"Bu mexanizm çərçivəsində tərəfimizdən dövlət təminatı üçün 450 milyon manat, subsidiyalaşdırma üçün isə 150 milyon manat ayrılıb", - o qeyd edib.
Xaliyev, həmçinin, Qarabağdakı sahibkarlıq subyektinin əldə edə biləcəyi güzəştli kreditin maksimal həcminin beş milyon manatdan artıq olmayacağını vurğulayıb.
"Verilən kreditlərin 90 faizinə dövlət tərəfindən təminat verilə bilər, faiz dərəcəsi isə 15 faizdən yüksək olmamalıdır", - o qeyd edib.
Fond rəhvbəri bildirib ki, bu mexanizmin tətbiqində məqsəd Mikro, kiçik və orta bizneslərin banklardan kredit götürərkən girov çatışmazlığı probleminin aradan qaldırmaqdır. Mexanizm həm də maliyyə risklərinin bank və dövlət arasında bölüşdürülməsini təmin edəcək.
Mexanizmin əsas üstünlüklərindən biri müraciətlərin "Elektron kredit və zəmanət” informasiya sistemi vasitəsilə qəbul edilməsi olacaq ki, bu da müraciətlərə baxılması prosesində operativliyin və şəffaflığın təmin olunmasına müsbət töhfə verəcək.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” Prezidentin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına uyğun olaraq yaradılıb.