Bu ilin ilk rübü ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 1065 layihə üçün 43,1 milyon manat güzəştli kredit ayrılıb.
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.
Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondunun əsas missiyası ölkədə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı, eləcə də qarşılıqlı inam mühitinin yaradılmasına dəstək olmaqdır.
"Hazırda Fond ölkədə fəaliyyət göstərən 21 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması üçün əməkdaşlıq edir. Təkcə bu ilin ilk 3 ayı ərzində 1065 layihəyə müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri yararlanıb", - o deyib.
İdarə Heyətinin sədri sahibkarlığın dəstəklənməsinə xidmət edən maliyyə mexanizmlərinin icrasında Fond və özəl sektor arasında əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Fondun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmləri müvəkkil kredit təşkilatları vasitəsilə icra olunur.
"Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə Fond tərəfindən təhlil olunur. Fond tərəfindən vəsaitin ayrılmasına qərar verilən zaman layihənin ölkə iqtisadiyyatına verəcəyi töhfə, o cümlədən, iqtisadi artıma təsiri nəzərə alınır. SİF olaraq kredit təşkilatlarından əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları ilə əməkdaşlıq edir, həmin təşkilatların üzvləri ilə mütəmadi görüşlər keçiririk", - deyə O.Xaliyev əlavə edib. (Trend)