Prezident İlham Əliyev «Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi qaydasını təsdiqləyib.
Sahibkarlığın İnkişafı Fondu 73,3 milyon manat faiz subsidiyası ödəyib
FED.az xəbər verir ki, qaydaya əsasən, bəzi layihələr üzrə sahibkarların götürdüyü kreditlərin faizini onların əvəzinə Sahibkarlığın İnkişaf Fondu ödəyəcək.
Qeyd edək ki, Azərbaycanda bu qayda indiyədək də vardı. Sahibkarların banklardan götürdüyü kreditlərin faizini İpoteka və Kredit Zəmanət Fondu ödəyir.
Dövlət başçısının fevralın 1-də təsdiqlədiyi qayda isə bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan böyük beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycanda təşkilinə aiddir.
Qaydaya görə, bu tədbirlə əlaqədar olaraq həyata keçiriləcək layihələrə çərçivəsində sahibkarların rezident banklar və BOKT-lardan götürdüyü kreditlər üzrə faizlərini Sahibkarlığın İnkişafı Fondu ödəyəcək – yəni fond bu sahibkarlara faiz subsidiyaları verəcək.
Qaydalara görə, büdcədən fonda ayrılan vəsaitlər hesabına maliyyələşdirilir.
Şərtə əsasən, faiz subsidiyası o layihələrə veriləcək ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi həmin layihələri təsdiqləsin və təsdiqedici sənəd versin. Faizin ödənilməsi qaydası 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə aid olacaq.
Qaydaya əsasən faiz subsidiyası məbləği 1 milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 faiz bəndi həcmində və 72 aydan çox olmayan müddətə verilir.
Məsələn, sahibkar krediti 12 faizlə alıbsa, ona hesablanan faizlərin 6 faizlik hissəsini Sahibkarlığın İnkişafı Fondu ödəyəcək.
Kreditin illik faiz dərəcəsi 6 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.
Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq rüblük əsasda ödənilir.