ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının işə düşməsi səbəbindən xarici banklardakı rus aktivlərinə həbs qoyulur.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Credit Suisse bankı sanksiyalar səbəbindən Rusiya ilə bağlı olduğu güman edilən 5 milyard İsveçrə frankı məbləğində (5 milyard dollarlıq) pulları dondurub.
Bankın nümayəndəsi «Reuters»ə bildirib ki, «Credit Suisse» fəaliyət göstərdiyi bütün ölkələrin tənzimləyiciləri ilə işləyir ki, sanksiyalara, o cümlədən Rusiyaya aid olan sanksiyalara əməl etsin.
Bankdan bildiriblər ki, burada Rusiya ilə əlaqəli pulların dondurulmasına 2-rüb ərzində başlanıb. İsveçrənin digər iki bankı - UBS və Julius Baer də beynəlxalq sanksiyalara əməl etdiklərini bildirsələr də əlavə detalları açıqlamayıblar.
Eləcə də bax: Rusiyada dollar yenidən bahalaşır – MƏZƏNNƏ
Rusiya tərəfi İsveçrə bankının bu addımının düzgün olmadığını bildirib. Rusiya Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoli Aksakov bildirib ki, belə addımlar maliyyə institutlarının reputasiyasına zərbə vuracaq.
Qeyd edək ki, bu Rusiya aktivlərinin dondurulduğu yeganə hal deyil. Bir qədər əvvəl ABŞ-ın maliyyə naziri Siqal Mandelker bildirib ki, ABŞ-ın özündə də Rusiya ilə əlaqəli yüz milyonlarla dollarlıq aktivlərə həbs qoyulub.
Eləcə də bax: İranda dollar yenidən bahalaşdı – AZƏRBAYCANA AXIŞIRLAR
Bundan başqa, iki Rusiya vətəndaşı və bir rus şirkəti kibersanksiya siyahısına daxil edilib. Eləcə də Şimali Koreyaya qarşı sankiyaları pozduğuna görə, siyahıya Rusiyanın 2 şirkəti və 6 gəmisi də əlavə edilib.