Xəbər verildiyi kimi, Rusiya hökuməti Rusiyaya dost olmayan ölkələrin siyahısını təsdiqləyib.
FED.az-ın məlumatına görə, sözügedən siyahıya Avropa İttifaqının üzvləri, ABŞ, Britansiya, Böyük 7-lik üzvləri, bir sözlə dünyanın əksər aparıcı ölkələri daxil edilib.
Rusiya ona "dost olmayan" ölkələri açıqladı - SİYAHI
İndi məlum olur ki, sözügedən siyahının tərtib edilməsində məqsəd təkcə onların adının cəmiyyətə elan edilməsi deyilmiş. Rusiya hökuməti həmin ölkələrə özünəməxsus şəkildə iqtisadi sanksiyalar tətbiq edəcək.
Məsələ bundadır ki, bir neçə gün əvvəl prezident Putin Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrlə bağlı fərman imzalayıb. Həmin fərmanda bu ölkələrdən olan kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün müvəqqəti qayda tətbiq edilib. Bu qaydaya əsasən Rusiya şirkəti və ya hər hansı təşkilatı (fərqi yoxdur, bank, bələdiyyə və sair) «dost olmayan» ölkənin hər hansı şirkəti və ya bankına valyutada borcludursa, bu borcu valyuta ilə deyil, rublla qaytara bilər. Başqa sözlə, «dost olmayan» ölkənin şirkət və bankları Rusiyalı müştəridən borclarını əvvəlcədən nəzərdə tutulduğu kimi, valyuta ilə deyil, rublla alacaqlar. Valyuta rublla əvəz edildikdə isə Rusiya Mərkəzi Bankının məzənnəsi əsas götürüləcək.
Qaydaya əsasən xaricə (yəni «dost olmayan» ölkənin şirkətinə) borcu olan Rusiya şirkəti Rusiya banklarının birində xüsusi rubl hesabı açmalı və xarici şirkətə olan borcunu rublla bu hesaba köçürməlidir. Rublun məzənnəsi kimi isə Mərkəzi Bankın məzənnəsi əsas götürüləcək.
Yeni qayda ayda 10 milyon rubl ekvivalentindən artıq olan ödənişlərə şamil edilir. Fərman martın 5-dən qüvvəyə minib.
Amma dost olmayan ölkələrə qarşı tədbirlər bununla bitməyəcək. Yeni qərara əsasən, Rusiya şirkətlərinin bu ölkələrdən olan şirkətlərlə bütün müqavilələrinə hökumət yanında xüsusi komissiya baxıb, razılıq verəcək. Başqa sözlə, ola bilər ki, sözügedən komissiya bu müqavilənin bağlanmasına icazə verməsin.
Bloomberg qeyd edir ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar Rusiya şirkətləri və dövlətin istiqrazlar üzrə ödənişlərində defoltla üzləşməsinin qarşısını almaq üçün tətbiq edilib. Məsələ bundadır ki, artıq iri Rusiya şirkətlərinin bəzi ödənişlərinin vaxtı çatıb. Artıq martın 6-da «Rosneft» şirkəti istiqrazlar üzrə 2 milyard dollar, «Qazprom» şirkəti isə martın 7-də 1,3 milyard dollar ödəməli idi.