Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi banklara xarici valyutada olan depozitlərə görə komisyon haqqı almağa icazə verməyi təklif edib.
FED.az xəbər verir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən Rusiya bankları müştərilər - hüquqi şəxslərin xarici valyutada depozitləri üzrə mənfi dərəcələr təyin edə biləcəklər.
Nəşrin məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində “Banklar və bank fəaliyyəti haqqında” qanunun 29-cu maddəsinə əlavə və dəyişikliklər nəzərdə tutulub. Qanuna, kredit təşkilatlarına korporativ müştərilər tərəfindən xarici valyutada açılan depozit hesablarına görə komissiya tutmağa imkan verən bənd əlavə edilməsi də təklif edilir. Bu halda haqqın məbləği əmanət üzrə hesablanmış faizlərin məbləğindən artıq ola bilər. Bankların bu cür komissiyaları artıq bağlanmış müqavilələrə də şamil edə biləcəkləri qeyd olunur.
Qanuna təklif edilən düzəlişlər artıq Maliyyə Nazirliyi və Rusiya Bankı tərəfindən dəstəklənib.
Rusiya Federasiyası Mərkəzi Bankının nümayəndəsi izah edib ki, düzəlişlər tənzimləyicinin “aktiv iştirakı ilə” hazırlanıb. (Marja)