Rusiya Mərkəzi Bankı rublun dollar və avro qarşısında ucuzlaşmasının səbəbini izah edib.
Rusiyada hər 10 nəfərdən birinin - XARİCİ BANK KARTI VAR
Xatırladaq ki, son günlər Rusiyada dollar və avro rubl qarşısında bahalışır – bir neçə günlük artımdan sonra dollar 81,6 rubla, avro isə 88,8 rubla yüksəlib.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkin bildirib ki, rublun ucuzlaşması ilin əvvəlindən bəri ölkənin ixrac gəlirlərinin azalması ilə bağlıdır.
Qeyd edək ki, eyni izahı aprelin 6-da maliyyə naziri Anton Siluanov da səsləndirmişdi. Onun sözlərinə görə, rublun dollar qarşısında ucuzlaşması «ya idxalın artımı, ya da ixracdan gələn gəlirlərin azalması ilə bağlıdır».
«Bloomberg» agentliyi isə son günlər Rusiyada rublun ucuzlaşmasını neft sektorunda baş verən hadisə ilə – daha dəqiqi «Shell» şirkətinin Uzaq Şərqdəki layihədə payını satması və Rusiyadan təqribən 95 milyard rubl (1,2 milyard dollar) vəsaitin çıxarılması ilə izah edir.
Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin bildirir ki, hazırda Rusiyanın ixrac gəlirləri «aşağı nöqtəni» (yəni ixrac gəlirlərinin ən aşağı olduğu dövrü – FED.az) keçir. Və həmin nöqtədən sonra məzənnənin dinamikası daha müsbət olacaq. «Gəlirlərin azalması fevral ayından etibarən neftə qoyulan qiymət limiti ilə bağlıdır. Bu dövr bitdikdən sonra ixrac gəlirləri artmağa başlayacaq»-deyə Mərkəzi Bank nümaynədəsi bildirib.
Zabotkinin sözlərinə görə, neft satışından gəlirlər dərhal gəlmir – ödəniş adətən məhsulun göndərilməsindən 3 ay sonra daxil olur. O bildirib ki, hazırki vəziyyət neftin 2022-ci ilin dekabrı 2023-cü ilin yanvarında olan ixracını əks etdirir. Son vaxtlar Rusiya enerji daşıyıcılarının qiymətləri bir qədər artdığı üçün gələcəkdə rublun məzənnəsinin bir qədər möhkəmlənməsi gözlənilir.
O ki qaldı rublun məzənnəsinin «Shell» şirkətinin payını satmasıvə ölkədən 95 milyard rubl çıxarması ilə bağlı olmasına – Rusiya maliyyə nazirliyi bu versiyanı ciddi saymır.
Nazir müavini Aleksey Moiseyev bildirib ki, «Shell»in Rusiya bazarından çıxması kimi hadisələr rublun məzənnəsinin indiki həddə dəyişməsinə səbəb ola bilməzdi. Məsələ bundadır ki, xarici şirkət əlində rubl olsa da, istədiyi qədər valyuta ala bilməz – hökumət valyuta alınması ilə bağlı xarici şirkətlərə sərt məhdudiyyətlər tətbiq edir.