Azərbaycan iqtisadiyyatı Ukraynadakı müharibə nəticəsində enerji daşıyıcılarının bahalaşmasından faydalanır.
Eləcə də bax: Bundan sonra Neft Fondunda nə qədər pul toplanacağı açıqlanıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
"Artan enerji qiymətləri və Avropaya qaz ixracındakı potensial artım ortamüddətli perspektivdə ixracı və büdcə gəlirlərini artıracaq, həmçinin Azərbaycan Dövlət Neft Fondunun aktivlərini 2025-ci ildə ÜDM-in 100 %-nə çatdıracağı proqnozlaşdırılır.
Bununla belə, ərzaq qiymətlərinin artımı və qida təhlükəsizliyi, Azərbaycanın idxalının əhəmiyyətli hissəsi (17 %), əsasən qida məhsulları olmaqla Rusiyadan gəlməsi səbəbi ilə narahatlıq yaradır.
Ticarət riskləri əsasən kənd təsərrüfatı məhsulları ilə bağlıdır və indiyədək onların maliyyə sektoruna təsiri məhdud olub”, - IMF-in iqtisadçıları deyib.
Onların fikrincə, iqtisadi perspektiv üçün risklər müharibə səbəbindən artıb, lakin ümumilikdə balanslaşdırılıb.
Bəyanatda deyilir ki, Rusiyaya qarşı sanksiyaların mənfi təsiri və ya Türkiyədə vəziyyətin pisləşməsi Azərbaycanda iqtisadi artım perspektivlərinə təsir göstərə bilər.
"Ərzaq təhlükəsizliyi yeni problemə çevrilib. Uzun sürən münaqişə Azərbaycanın buğda və digər əsas ərzaq məhsulları üçün əsas bazarlarına çıxışına mane olacaq, gübrə və digər maddələrə məhdud çıxış isə kənd təsərrüfatı istehsalına mane ola bilər.
"Omicron"dan sonra digər koronavirus növlərinin necə yayılacağına dair də qeyri-müəyyənlik var. Daxili risklərə dövlət müəssisələrinin fiskal riskləri və bank aktivlərinin keyfiyyətinin pisləşməsi daxildir.
Neft gəlirlərinin artması ilə bağlı xərclərin artırılmasına da ehtiyac ola bilər. Davam edən geosiyasi gərginlik nəticəsində neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycana xeyir verəcək”, - IMF bildirib. (Report)