Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin $82,076 milyarda qədər artacağını proqnozlaşdırır.
Eləcə də bax: Neft Fondundakı pullara qənaət başladı - Büdcəyə transfer azaldıldı - İLK DƏFƏ
2021-ci ilin yekunları üzrə ARDNF-in aktivləri $45,025 milyard təşkil edib. Beləliklə, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivləri 82,3% artacaq.
FED.az xəbər verir ki, BVF tərəfindən bu proqnozlar Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə ARDNF-in aktivləri $53,426 milyarda (2021-ci illə müqayisədə artım 18,7%), 2023-cü ilin yekunları üzrə $62,168 milyarda, 2024-cü ilin yekunları üzrə $70,742 milyarda çatacaq.
2025-ci ildə ARDNF-in aktivləri $76,58 milyarda, 2026-cı ildə $79,84 milyarda, 2027-ci ildə $82,076 milyarda qədər artacaq.
"Azərbaycan iqtisadiyyatı Ukraynada müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından qazanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq”, - deyə fondun şərhlərində vurğulanır.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti $108,5 (2021-ci ildə $71,1), 2023-cü ildə $96,5, 2024-cü ildə $85,7, 2025-ci ildə $78,7, 2026-cı ildə $74,4, 2027-ci ildə $72,2 təşkil edəcək.
2022-ci il aprelin 1-nə ARDNF-in aktivləri $45 milyard 264 milyon məbləğində qiymətləndirilir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. (İnterfaks-Azərbaycan)