Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini az qala təxminən 2 rubl azaldıb - 89 rubldan aşağı düşüb.
Rubl manata qarşı bahalaşmaqda davam edir - VALYUTA MƏZƏNNƏLƏRİ
FED.az xəbər verir ki, Rusiya rublu cümə axşamı günü ABŞ dollarına qarşı son altı ayın ən yüksək səviyyəsinə qalxıb. Buna Vaşinqton və Moskva arasında yenidən qurulan münasibətlər və Rusiyada sanksiyaların yumşaldılacağına dair ümidlər səbəb olub.
ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtmasından sonra rubl 14% möhkəmlənərək 2024-cü ilin sonlarında baş verən itkiləri geri qaytarıb.
Rusiya Mərkəzi Bankı cümə axşamı rəsmi məzənnəni 88,5 rubl səviyyəsində müəyyən edib ki, bu da avqustdan bəri ən yüksək göstəricidir. Rusiyada sabit məzənnə rejimi olmasa da, Mərkəzi Bankın açıqladığı rəqəmlər bazardakı tendensiyaları əks etdirir.
Rublun möhkəmlənməsi keçən il baş verən kəskin ucuzlaşmadan sonra müşahidə olunur. Həmin dövrdə ABŞ-ın əvvəlki administrasiyası Rusiyanın neft sektoruna qarşı müharibənin başlanğıcından bəri ən sərt sanksiyalarını tətbiq etmişdi.
Eyni zamanda, Rusiyanın fond bazarı da 2025-ci ilin əvvəlindən etibarən 17% artıb. Dövlətə məxsus "Sberbank" analitikləri bu yüksəlişi "azalan geosiyasi təzyiqlərlə" əlaqələndirirlər.
Bazarın yüksəlişi ABŞ-Rusiya diplomatik əlaqələrinin bərpa olunması fonunda baş verir. Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında görüş keçiriblər. Bu, Moskvanın 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hücum etməsindən sonra ilk yüksək səviyyəli danışıqlar olub.
Görüşdən sonra ABŞ rəsmiləri "Ukrayna münaqişəsinin uğurla həll olunmasından sonra Rusiya ilə tarixi iqtisadi və investisiya imkanları" barədə açıqlama veriblər.
Qeyd edək ki, Rusiya Ukraynaya müdaxilə etməzdən əvvəl rubl ABŞ dollarına qarşı 75-80 səviyyəsində ticarət edilirdi.