Rusiya Mərkəzi Bankı dollar və avronun məzənnəsini az qala iki rubl aşağı salıb.
FED.az xəbər verir ki, Rusiyanın Mərkəzi Bankı cümə axşamı, dekabrın 5-də rublun dollara və avroya nisbətdə məzənnəsini artırıb.
Hər iki valyutanın dəyəri çərşənbə günü, dekabrın 4-dəki səviyyə ilə müqayisədə, demək olar ki, iki rubl azalaraq, bir dollar üçün 104,23 rubl, bir avro üçün isə 110,2 rubl təşkil edib. Yuan əvvəlki bağlanış səviyyəsindən 30 qəpik az olmaqla 14,25 rubla enib.
“Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakova qeyd etmişdi ki, 2025-ci ildə dolların məzənnəsi 80-90 rubla qayıda bilər. Amma Milçakovanın fikrincə, bu variant yalnız geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması halında mümkün ola bilər.
Bəzi ekspertlərin proqnozlaşdırdığı staqflyasiya ssenarisi reallaşarsa, o zaman dolların orta illik məzənnəsi 96,5 rubl təşkil edə bilər.
Qeyd edək ki, dünən, dekabrın 3-də VTB sədrinin birinci müavini Dmitri Pyanov bir neçə ay ərzində 1 dollar üçün 90 rubldan 107 rubla düşən rublun məzənnəsini sabitləşdirmək üçün valyuta müdaxilələrini artırmağa çağırmışdı.