Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsini elan edib.
AMB-dən FED.az-a verilən məlumata görə, müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir. Müsabiqəyə təqdim olunmuş və qalib olaraq seçilmiş ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə (1-ci yer: noutbuk; 2-ci yer: planşet; 3-cü yer: smartfon) mükafatlandırılacaq.
Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilərlər. Hazırlanmış məzmunun sonunda “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur” qeydi verilməlidir. Müsabiqəyə işlər 16 fevral 2018-ci il tarixindən qəbul olunur. İşlərin son qəbul günü 12 mart 2018-ci il, saat 18:00-dur.
Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı Portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün: [email protected], (012) 493-11-22 (dax.161).
Rəqəmsal maliyyə xidmətləri üzrə – MÜSABİQƏ
16:50
15 Fev 2018