Azərbaycanda ilk dəfə olaraq “Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan Mərkəzi Bankının baş direktorunun iştirakı ilə “Azərbaycanda rəqəmsal bankçılıq” mövzusunda müzakirə keçirilib.
Eləcə də bax: “Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusu - Müzakirə Edilib
Azərbaycan Banklar Assosiasiyasından (ABA) FED.az-a bildirilib ki, 200-dək iştirakçının qatıldığı müzakirələrdə rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğu vurğulanıb. Qeyd edilib ki, son illər banklar tərəfindən bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı gündən-günə artmaqdadır. Yaxın illərdə aidiyyəti bank xidmətlərinin tam rəqəmsallaşmasını təmin etmək, innovativ maliyyə həlləri və xidmətlər təqdim etmək bankların əsas hədəflərindən olacaq. Qeyd olunan dəyişikliklər, eyni zamanda, maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına və maliyyə inklüzivliyinin inkişafına xidmət edəcək. Yaxın zamanlarda rəqəmsal xidmətlər sahəsində bir sıra yeniliklərin olacağı da diqqətə çatdırılıb. Bu yeniliklər sırasında “Apple Pay”, “Rəqəmsal Manat” və “Open Banking” konsepsiyasının üzərində qurulan xidmətlərin ölkədə inkişafına təkan verəcək çərçivənin yaradılması da qeyd olunub.
Spikerlər, həmçinin rəqəmsal sistemə keçid prosesində pandemiya amilinin də təsirini vurğulayıblar. Onların sözlərinə görə, pandemiya bir sıra bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib. Ümumilikdə isə dünya təcrübəsində bankların rəqəmsallaşmaya tədricən keçdiyi və bu prosesin kifayət qədər vaxt tələb etdiyi diqqətə çatdırılıb.
“Clubhouse” platformasında bu cür müzakirələr hər ay keçiriləcək. Növbəti müzakirə aprelin ikinci yarısında planlaşdırır.