“Maliyyə sahəsində islahatların dərinləşməsi, bank və sığorta şirkətlərinin sağlamlaşdırılması gündəmdədir”.
Eləcə də bax: “Azərbaycan xarici borca görə ən yaxşı göstəriciyə malik ölkələrdəndir”
FED.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, zəif bank və sığorta şirkətlərinin konsolidasiyasına ehtiyac var: “Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankı bank və sığorta şirkətlərinin sağlamlaşdırılması ilə bağlı əvvəlki dövrlərdə də fəaliyyətlər həyata keçirib. Amma reallıq bundan ibarətdir ki, bankların və sığorta şirkətlərinin ciddi konsolidasiyası müşahidə edilmədi. Maliyyə təşkilatlarının müflis elan edilməsindənsə, onların birləşməsi daha uyğun addımdır”.
V. Bayramov bildirib ki, Mərkəzi Bankda kadr dəyişiklikləri təkcə bank sektorunda deyil, digər maliyyə xidmətləri sahələrində də yeni çağırışlara uyğun olaraq islahatların dərinləşməsini gündəmə gətirib. Amma bu proses inzibati qaydada aparılmalı deyil, təşviq edilməlidir: “Əsas təklif ondan ibarətdir ki, bankların birləşməsi üçün Mərkəzi Bank tərəfindən daha çox təşviqedici mexanizm və alətlərdən istifadə edilsin. O cümlədən, konsolidasiya olunan banklar üçün daha ucuz kreditlərə çıxış imkanlarının artırılması, müəyyən müddətə vergi və digər güzəştlərin tətbiqi zəruridir”.