"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernləşdirilməsi üzrə əsas təşəbbüslərin milli normativ bazanı ən yaxşı beynəlxalq təcrübəyə yaxınlaşdıracağını gözləyir.
AMB: "Bank sektorunda dayanıqlılıq və ESİ yanaşması üzrə normativ baza gücləndirilib"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "S&P Global Ratings" Azərbaycanın bank sektorunun Ölkə Risklərinin Qiymətləndirilməsi (BICRA) çərçivəsində sahəvi riski üzrə qiymətləndirməsini 8-dən 7-yə yüksəldib.
"Biz sahəvi riski üzrə qiymətləndirməmizi yaxşılaşdırdıq, bu da bank sektorunda tənzimləmə və nəzarətin gücləndirilməsini əks etdirir. İqtisadi risk üzrə müsbət tendensiya (qiymət 8) daha ciddi tənzimləyici nəzarətin bankların ifrat riskə getmək meyilliliyini məhdudlaşdıracağı və sistemdə kredit risklərini azaldacağı ilə bağlı gözləntilərimizi əks etdirir", - məlumatda bildirilib.
"S&P" qeyd edib ki, sektor riski üzrə qiymətləndirmənin yaxşılaşdırılması son üç il ərzində tənzimləmə və nəzarətin modernləşdirilməsi üçün atılmış addımları əks etdirir.
"2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində tənzimləyici banklar üçün əlaqəli tərəflərlə əməliyyatları məhdudlaşdıran korporativ idarəetmə standartını, eləcə də "Bazel III" tələblərinə uyğun olaraq likvidlik riskinin idarə edilməsi üzrə əsasnaməni tətbiq edib.
"S&P" xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə risk-əsaslı nəzarətə keçidi və "IFRS 9" standartının tətbiqini, kapital adekvatlığı strukturunun "Bazel III" tələblərinə uyğunlaşdırılması üçün ona yenidən baxılmasını, stres-testlərə dair tələblərin sərtləşdirilməsini, həmçinin sanasiya mexanizminin (resolution framework) hazırlanmasını planlaşdırır.
"Biz hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi tənzimləmə və nəzarəti əlavə olaraq gücləndirəcək, baxmayaraq ki, ölkənin normativ bazası beynəlxalq standartlarla müqayisədə hələ də daha zəif olaraq qalır", - məlumatda qeyd olunub. (Report)










