Bu gün Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin I rübü üzrə tədiyə balansını açıqlayıb.
FED.az bununla bağlı Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirovun müsahibəsini təqdim edir:
- 2022-ci ilin I rübü üzrə tədiyə balansının vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Tədiyə balansı makroiqtisadi siyasətin formalaşmasında əsas diaqnostik alətlərdən biridir. Tədiyə balansının profisitli olması ölkə iqtisadiyyatı üçün xarici şəraitin əlverişli olması deməkdir. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarını artırmaqla yanaşı, valyuta bazarında tarazlığı dəstəkləyir. Bu tarazlıq manatın məzənnəsinin dayanıqlığını gücləndirməklə inflyasiya idxalını məhdudlaşdırır.
I rübün nəticələrinə gəldikdə isə, qlobal enerji bazarlarında neft və qazın qiymətinin artdığı şəraitdə cari əməliyyatlar balansında (CƏB) ÜDM-in 22,5 %-i (4 milyard ABŞ dolları) həcmində profisit formalaşıb. Bu dövrdə kapital və maliyyənin hərəkəti hesabında isə əsasən birbaşa xarici investisiyaların repatriasiyası hesabına 1,2 milyard ABŞ dollarlıq kəsir yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 1,6 milyard ABŞ dolları artıb.
- Cari əməliyyatlar balansını formalaşdıran əsas amillər hansılardır?
- Qeyd etdiyimiz kimi, CƏB-də 4 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Belə ki, xarici ticarət balansında və təkrar gəlirlər balansında formalaşan profisit xidmətlər balansında və ilkin gəlirlər balansında olan kəsiri tam örtüb.
- CƏB-in əsas komponenti olan xarici ticarət balansında profisit necə formalaşıb?
- 2022-ci ilin 1-ci rübünün nəticələri həm neft, həm də qeyri-neft üzrə daxilolmalarımızın əhəmiyyətli artdığını göstərir. 2022-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 10,8 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın dünyanın 152 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 11 %-i MDB üzvü olan dövlətlərin, 89 %-i isə digər xarici dövlətlərin payına düşür. Eyni zamanda, neft-qaz sektoru üzrə ixracın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə artaraq 7,4 milyard ABŞ dolları olub. Qeyri-neft ixracı isə 55 % artaraq 708 milyon ABŞ dolları olub. İdxalın ümumi həcmi isə 17 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.
- Rusiya-Ukrayna münaqişəsinin Azərbaycana pul köçürmələrinə necə təsir edib?
- Bildiyiniz kimi, Azərbaycana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan köçürülən pul vəsaitləri təkrar gəlirlər balansında əks olunur. 2022-ci ilin I rübündə ölkəyə daxil olan pul baratları 6 % artıb. Rusiya-Ukrayna münaqişəsinə gəldikdə isə qeyd etmək istərdik ki, cari ilin I rübündə Rusiyadan daxil olan pul baratları 17 % azalaraq, Ukraynadan daxil olan pul baratları isə 27 % azalaraq müvafiq olaraq 100 milyon ABŞ dolları və 4 milyon ABŞ dolları təşkil edib
- Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar (BXİ) barədə nə deyə bilərsiniz?
- Nəzərinizə çatdırım ki, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin çətinliyinə baxmayaraq, I rüb ərzində ölkə iqtisadiyyatına qoyulan BXİ-lərin həcmi ötən ilin müvafiq dövrünə nəzərən təxminən 30 % artıb. Cəmi BXİ 1,8 milyard ABŞ dolları təşkil edib. BXİ-lərin təxminən 60 %-i neft-qaz sektoruna yönəldilib.
- Bu dövrdə ehtiyat aktivlərimiz necə dəyişib?
- Profisitli tədiyə balansı şəraitində ölkənin ehtiyat aktivləri 1,6 milyard ABŞ dolları artıb. Bu əsasən Neft Fondunun, hökumətin depozitləri və Mərkəzi Bankın ehtiyatlarının artımı hesabınadır. (Report)