Xəbər verdiyimiz kimi, 01 Noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. 2023-cü ilin əvvəlində faizlərini 5 dəfə artıran Mərkəzi Bank, son 4 iclasında onları dəyişməz saxlamışdı.
Mərkəzi Bank faiz qərarını açıqladı - FAİZLƏR ENDİRİLDİ
Mərkəzi Bank qeyd edib ki, bu qərar (faizlərin aşağı salınması) inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilmişdir.
"Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam etmişdir. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5.1% səviyyəsinə düşmüşdür. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olmuşdur",- Mərkəzi Bank bildirib.
FED.az xəbər verir ki, faiz qərarından sonra keçirilmiş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, pul siyasətinin daha da yumşaldılması nəzərdə tutulur:
"Proqnozlarımıza görə, iki ili nəzərdə tutan ortamüddətli dövrdə inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda (2% – 6% civarında) olacağı gözlənir. Buna görə biz pul siyasətinin daha da yumşaldılması istiqamətinə baxırıq. Sözsüz ki, addımlarımız çox cüzidir, bu gün faizlər 0,50 faiz bəndi endirilib. Əsasən xarici mühitdə baş verən proseslərə baxmaq şərtilə biz öz siyasətimizə baxmağa hazırıq.
Biz istəyirik ki, kreditləşdirməni də aktivləşdirək. Düzdür, Azərbaycan şərtlərində kreditlərin artmasının tələbin artmasına ciddi təsiri yoxdur, lakin kreditləşdirmənin aktivləşdirilməsi vasitəsilə az da olsa tələbə artıcı təsir etməyi nəzərdə tuturuq".
Mərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur. (Marja)