Mərkəzi Bank ödəniş xidmətləri haqqında qanuna dəyişiklik layihəsi üzərində işləyir.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanuna dəyişiklik layihəsi hazırlayır. Bu barədə AMB-nin Ödəniş Xidmətləri və Ödəniş Sistemləri üzrə Nəzarət və Siyasət Departamentinin əməkdaşı Ulfət Yusifov Bakıda keçirilən “FINTEX SUMMIT 2025” konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, çoxsaylı müraciətlər və bazar ehtiyacları nəzərə alınaraq qanunvericiliyin yenilənməsi gündəmdədir:
"Araşdırmalar zamanı beynəlxalq təcrübəyə nəzər saldıqda, bu sahədə tətbiq edilən modellərin inkişaf etmiş ölkələrdə geniş şəkildə istifadə olunduğunu müşahidə etdik.”
Yusifov qeyd edib ki, dünyada, xüsusilə də bank və maliyyə sahəsində rəqəmsal transformasiya sürətlə inkişaf edir. Bu proses təkcə texnoloji yenilikləri deyil, həm də istifadəçilərə təqdim olunan xidmətlərin rahatlığını və əlçatanlığını artırır. Elə buna görə də, texnologiyanın inkişafı bu xidmətlərin göstərilməsi üçün yeni hüquqi və funksional çərçivələrin formalaşdırılmasını zəruri edir.