"Moody's" reytinq agentliyi Türkiyənin xarici və milli valyutada uzunmüddətli emitent reytinqlərini B1-dən Ba3-ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişdirib.
FED.az xəbər verir ki, reytinqin yüksəldilməsi səmərəli siyasətin güclənməsini, xüsusilə də Mərkəzi Bankın inflyasiya təzyiqini azaldan, iqtisadi disbalansları aradan qaldıran və türk lirəsinə etimadı tədricən bərpa edən pul-kredit siyasətinə sadiqliyini əks etdirir.
"Moody's" həmçinin məzənnə dəyişikliyi riskinin azaldığını qeyd edib.
Türkiyədə inflyasiya 2024-cü ilin iyun ayındakı 72%-dən 2025-ci ilin iyun ayında illik 35%-ə düşüb.
"Moody's"in proqnozlarına əsasən, illik inflyasiya 2025-ci ilin sonunadək təxminən 30%-ə, 2026-cı ilin sonuna qədər isə təxminən 20%-ə düşəcək. "Moody's" real ÜDM artımının 2024-cü ildəki 3,2%-dən 2025-ci ildə 2,2%-ə qədər yavaşlayacağını, sonra isə 2026-cı ildə yenidən 3,2%-ə qədər artacağını gözləyir. (Report)