"Moody's Investors Service" bu ilin yekunlarına əsasən Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitli və profisitin ÜDM-in 1,5% səviyyəsində olacağını proqnozlaşdırır.
Eləcə də bax: "MDB-də kreditlər üzrə itkiləri ən tez - Azərbaycan Bankları Bağlayacaq"
FED.az xəbər verir ki, "Moody's"a görə, ötən proqnoz ölkənin cari əməliyyatlar hesabında kəsir yaranacağını və kəsirin ÜDM-in 2,6%-ni təşkil edəcəyini vəd edirdi.
2021-ci ildə isə "Moody's" cari əməliyyatlar hesabının balansının profisitinin ÜDM-in 3,7%-nə çatacağını gözləyir. Bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır.
Qeyd edək ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4% təşkil edəcəyin proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu kəsirin ÜDM-ə nisbətinin 3,6%, gələn ildə isə 4,4%-ə çatacağını gözləyir. Dünya Bankı bu il kəsirin ÜDM-in 0,7%-ni təşkil edəcəyini, 2021-ci ildə isə yenidən profisitə qayıdaraq ÜDM-in 1,6%-ni təşkil edəcəyini proqnozlaşdırır.
Faktiki göstəricilərə gəldikdə, Azərbaycan Mərkəzi Bankının yeni hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib. 2019-cu ildə profisit ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub. (Apa)