"Moody's Investors Service" şirkəti Azərbaycanın 2021-ci il üçün EVI (External Vulnerability Indicator) – xarici həssaslıq indikatorunu 85% səviyyəsində qiymətləndirir.
Eləcə də bax: "Moody's": Azərbaycan iqtisadiyyatı bu il - 4% Artacaq
FED.az xəbər verir ki, bu göstərici ölkənin qısa və uzunmüddətli borclarının və müddəti bir ildən çox olan qeyri-rezidentlərin yerli banklardakı depozitlərinin həcminin rəsmi strateji valyuta ehtiyatlarına olan nisbətidir. Qafqaz ölkələri arasında Azərbaycanın göstəricisi ən yaxşı hesab olunur, ümumilikdə isə inkişafda olan ölkələr arasında Azərbaycanın bu göstərici üzrə orta səviyyəli sayılır.
Qafqaz ölkələrinə gəldikdə, Ermənistanın EVI göstəricisi 113,2%, Gürcüstanın isə 115,8% səviyyəsində qiymətləndirilir. Digər qonşu ölkələrə gəldikdə, "Moody's"ə görə, bu il Rusiyada sözügedən göstərici 31,3%-ə, Qazaxıstanda isə 173,3%-ə bərabər olacaq. Avropa və Qərbi Asiyanın inkişafda olan ölkələri arasında EVI göstəricisi üzrə lider ölkə Özbəkistandır (15%), ən zəif isə Belarus (555,7%) və Türkiyədir (471,2%).
Digər regionlara gəldikdə, "Moody's" Asiya-Sakit okean bölgəsində bu il EVI göstəricisinin ən yaxşı olacağı ölkələr arasında Solomon adalarını (12,5%) və Filippini (18,7%) göstərir. Ən zəif göstəricilər isə Laos (246,1%) və Şri-Lankadadır (250,3%).
Yaxın Şərq və Şimali Afrika regionunda bu il borcun strateji valyuta ehtiyatlarına olan nisbətinin ən yüksək səviyyəsinin Bəhreyndə (1 286,7%) olacağı gözlənilir. EVI üzrə ən müsbət göstəricilər isə Səudiyyə Ərəbistanı (15,7%) və İraqdadır (5,7%). (Apa)