Son üç ildə Azərbaycanda MKOS subyektlərinin banklar üzrə kredit portfeli 46 % artıb ki, bu da illik orta hesabla 15 %-dən çox artım deməkdir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.
Fuad İsayev qeyd edib ki, son illərdə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən xüsusi tədbirlər görülməkdədir. Belə ki, mikro və kiçik orta sahibkarlıq subyektlərinə tətbiq olunan zəmanət mexanizmi güzəştli kreditlər və faiz subsidiya mexanizmləri kredit risklərinin azaldılmasında mühüm bir mexanizm rolu oynayır. Bunları nəzərə alaraq Mərkəzi Bank tərəfindən requlyativ çərçivəyə də müəyyən yumşaldılmalar tətbiq olunmuşdur.
"2024-cü ilin sonuna banklar tərəfindən MKOS subyektlərinə verilən kreditlərin qalıq məbləği 6,5 milyard manat təşkil edir. Son üç ildə bu sektorun kredit portfeli, banklar üzrə qalıq portfeli 46 faiz artmışdır ki, bu da orta hesabla illik 15 faizdən artıq artım deməkdir". - deyə baş direktor bildirib.
O öz çıxışında əlavə olaraq vurğulayıb ki, hazırda Banklar və BOKT lar tərəfindən 485 bank filialı və 88 bank şöbəsi, eyni zamanda 304 bank təşkilatının filialı tərəfindən maliyyə xidmətləri göstərilir.