Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil edib.
Azərbaycanda ödəniş kartlarının sayı - 1 AYDA 350 MİN ƏDƏD ARTIB
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib.
Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması ekosistem iştirkaçıları üçün etibarlı və fəaliyyəti daha da dayanıqlı olan tərəfdaşların yaranmasına imkan verir.
Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir. (Apa)