Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdan qorumaq üçün işlər görür.
Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024” çərçivəsində keçirilən panel iclası zamanı Mərkəzi Bankın baş mütəxəssisi Xəyalə Məmmədova deyib.
“Texnoloji inkişaf baş verdikcə fırıldaqçılıq ssenariləri təkmilləşir, fırıldaqçılıq variantları artır. Biz də maliyyə sektorunda kibertəhlükəsizliyin təmin edilməsi üçün bir çox işlər görməyi planlaşdırırıq”, - deyə o bildirib.
X.Məmmədovanın sözlərinə görə, maliyyə sektorunda kibertəhlükəsizlik üzrə hesabatların aparılmasının təkmilləşdirilməsi üzrə də işlər görülür.
“Bununla bağlı müəyyən datalar toplanacaq, analiz ediləcək və hesabat nümunələri təkmilləşdiriləcək”, - deyə baş mütəxəssis bildirib.
O qeyd edib ki, beynəlxalq təcrübə onu göstərir ki, texnologiya inkişaf etdikcə kibertəhlükələrin və təhdidlərin sayı artır.
“Biz, öz növbəmizdə, əlimizdən gələni edirik ki, vətəndaşları bunlardan qoruyaq. Buraya, həmçinin, vətəndaşların maarifləndirilməsi də daxildir. Vətəndaşların bu istiqamətdə savadlılığının artırılması, əməliyyatlarda məsuliyyətli olması önəmlidir”, - deyə Məmmədova əlavə edib.
Qeyd edək ki, 15-16 may Bakıda “Fintex Summit 2024” keçirilir. Sammit çərçivəsində finteks sahəsinin inkişafı, kibertəhdidlər və onların qarşısının alınması, rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və rəqəmsal valyutalar sahəsində proseslər müzakirə edilir. (Trend)